ORCID nədir və alimlərimizə nə üçün lazımdır?
ORCID nədir və alimlərimizə nə üçün lazımdır?
Müasir elmi mühitdə tədqiqatçının yalnız məqalə yazması kifayət etmir. Onun elmi fəaliyyətinin düzgün qeydə alınması, müəllifliyinin təsdiqlənməsi və beynəlxalq akademik ictimaiyyətə əlçatan olması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ORCID alimlərin elmi fəaliyyətini sistemləşdirən ən vacib beynəlxalq platformalardan biridir.
ORCID — Open Researcher and Contributor ID ifadəsinin qısaldılmış formasıdır. Sistem hər bir tədqiqatçıya 16 rəqəmdən ibarət unikal və daimi identifikasiya nömrəsi verir. Məsələn: 0000-0003-2460-6333. Bu nömrəni bir növ alimin beynəlxalq elmi şəxsiyyət vəsiqəsi adlandırmaq olar.
ORCID profilində tədqiqatçının elmi məqalələri, kitabları, kitab fəsilləri, konfrans materialları, layihələri, təhsil və iş təcrübəsi, üzv olduğu elmi qurumlar, aldığı qrantlar və digər akademik fəaliyyəti haqqında məlumatlar təqdim edilə bilər. Müəllif universitetini, işlədiyi ölkəni və hətta ad-soyadının yazılış formasını dəyişsə belə, onun ORCID nömrəsi dəyişmir.
ORCID-in alim üçün əsas əhəmiyyəti
Eyni və ya oxşar ad-soyad daşıyan müəlliflərin əsərləri elmi bazalarda tez-tez qarışdırılır. Azərbaycanlı müəlliflərin ad və soyadlarının müxtəlif transliterasiya formalarında yazılması isə bu problemi daha da mürəkkəbləşdirir. ORCID müəllifi dəqiq müəyyənləşdirərək elmi əsərlərin düzgün şəxsə aid edilməsinə kömək edir.
Düzgün hazırlanmış ORCID profili:
- müəllifin elmi əsərlərini vahid səhifədə birləşdirir;
- eyni və oxşar adlı tədqiqatçıların fərqləndirilməsini təmin edir;
- ad-soyadın müxtəlif yazılışlarından yaranan qarışıqlığı azaldır;
- müəllifin elmi fəaliyyətinin beynəlxalq səviyyədə görünməsini asanlaşdırır;
- məqalə təqdimatı və qrant müraciətləri zamanı məlumatların ötürülməsini sürətləndirir;
- Scopus, Web of Science, Crossref və DataCite kimi sistemlərlə əlaqələndirmə imkanları yaradır;
- jurnal redaksiyalarına müəllifin akademik fəaliyyəti haqqında daha sistemli məlumat verir.
Xarici jurnala məqalə göndərilərkən redaktor və ya rəyçi müəllifin əvvəlki elmi fəaliyyətini nəzərdən keçirə bilər. Bu zaman məzmunlu, yenilənmiş və açıq ORCID profili müəllif haqqında ilkin akademik təsəvvürün formalaşmasına kömək edir. Boş saxlanılmış və ya qeyri-dəqiq məlumatlarla doldurulmuş profil isə ORCID nömrəsinin praktik əhəmiyyətini xeyli azaldır.
Alimlərimiz ORCID-dən nə dərəcədə düzgün istifadə edirlər?
Təəssüf ki, bir çox alimimizin ORCID nömrəsi olsa da, onların profillərində elmi fəaliyyət barədə dolğun məlumat verilmir. Bəzi profillərdə nə iş yeri, nə təhsil məlumatı, nə də dərc olunmuş əsərlər göstərilir. Bəzən məlumatlar natamam, anlaşılmaz və yalnız Azərbaycan dilində təqdim olunur. Halbuki beynəlxalq elmi profilin əsas məlumatlarının ingilis dilində yazılması onun daha geniş auditoriya üçün anlaşıqlı olmasına şərait yaradır.
ORCID nömrəsinə malik olmaq hələ sistemdən düzgün istifadə etmək demək deyil. Profil mütəmadi yenilənməli, müəllifin əsərləri yoxlanılmalı, təkrar və səhv qeydlər aradan qaldırılmalıdır. Elmi məqalələr, kitablar və digər tədqiqat nəticələri profilin “Works” bölməsində illər üzrə görünməlidir.
Bu məsələyə etinasız yanaşmaq təkcə ayrı-ayrı alimlərin deyil, bütövlükdə Azərbaycan elminin beynəlxalq görünürlüğünə mənfi təsir göstərir. Buna görə də universitetlər, elmi müəssisələr və jurnal redaksiyaları tədqiqatçılara ORCID profilinin düzgün yaradılması və idarə olunması ilə bağlı metodiki dəstək verməlidirlər.
Jurnal redaksiyalarının məsuliyyəti
Problem yalnız alimlərin şəxsi profilləri ilə məhdudlaşmır. Bəzi yerli jurnal redaksiyaları məqaləyə DOI identifikatoru verərkən müəllifin ORCID nömrəsini DOI metadatasına daxil etmirlər. Nəticədə müəlliflə məqalə arasındakı rəqəmsal əlaqə lazımi səviyyədə qurulmur.
ORCID nömrəsinin məqalənin DOI metadatasına düzgün daxil edilməsi əsərin müəlliflə əlaqələndirilməsini asanlaşdırır. Müəllif ORCID hesabında Crossref və ya digər etibarlı təşkilatlara müvafiq icazə verdikdə, yeni əsərlərin profilə avtomatik əlavə edilməsi də mümkün ola bilər. Əks halda alim məqaləni sonradan əl ilə — manual qaydada profilinə daxil etməli olur.
Buna görə jurnal redaksiyaları:
- məqalə qəbulu zamanı bütün müəlliflərdən ORCID nömrəsi tələb etməli;
- ORCID nömrələrinin düzgünlüyünü yoxlamalı;
- bu məlumatları məqalənin özündə və DOI metadatasında göstərməli;
- müəlliflərin ad-soyadını bütün platformalarda vahid formada təqdim etməlidirlər.
ORCID elmi göstəricidirmi?
Burada vacib bir məqamı da qeyd etmək lazımdır: ORCID özü elmi keyfiyyət və ya istinad göstəricisi deyil. ORCID nömrəsinin olması müəllifin avtomatik olaraq yüksək istinadlı alim, yaxud Scopus və Web of Science bazalarında indekslənən tədqiqatçı olması demək deyil.
ORCID-in əsas funksiyası müəllifin rəqəmsal identifikasiyasını təmin etmək və onun elmi fəaliyyətini düzgün mənbələrlə əlaqələndirməkdir. Profilin elmi dəyəri orada təqdim olunan məlumatların düzgünlüyündən, dolğunluğundan və aktuallığından asılıdır.
Alimlərimiz nə etməlidirlər?
Hər bir tədqiqatçı ORCID profilində ad-soyadını, iş yerini, ölkəsini, təhsilini və elmi əsərlərini düzgün qeyd etməlidir. Profilin əsas bölmələrinin görünürlük səviyyəsinin “Everyone” seçilməsi beynəlxalq əlçatanlıq baxımından məqsədəuyğundur. Bununla yanaşı, məqalələr üzrə DOI məlumatları yoxlanmalı, Scopus və Web of Science kimi digər müəllif identifikatorları da mümkün olduqda ORCID profilinə əlavə edilməlidir.
ORCID sadəcə qeydiyyatdan keçərək əldə edilən nömrə deyil. O, düzgün idarə edildikdə alimin beynəlxalq elmi mühitdə tanınmasına, əsərlərinin ona doğru aid edilməsinə və akademik fəaliyyətinin sistemli şəkildə təqdim olunmasına xidmət edən mühüm vasitədir.
Gələcək yazılarımızda alimlər və jurnal redaksiyaları üçün əhəmiyyət daşıyan bu cür elmi yenilikləri təqdim etməyə davam edəcəyik. Məqsədimiz yalnız məlumat vermək deyil, tədqiqatçılarımızın beynəlxalq akademik imkanlardan düzgün istifadə etməsinə və bu yenilikləri öz elmi fəaliyyətlərində tətbiq etməsinə kömək göstərməkdir.
Müəllif: Dr. Rahil Nəcəf