“Şah” titulu Səfəvilərin İran kimliyini sübut edirmi? — Əkbər Nəcəf yazır.....
I hissə — başlıq və giriş
“Şah”
Səfəvilərin hökmdarlıq titulu
Səfəviləri “İran kimliyi”nin bir parçası kimi qəbul edən və onların Sasani dövlətçilik ənənəsini yenidən bərpa etdiyinə inanan klassik Qərb tarixşünaslığının əsaslandığı iddialardan biri də I İsmayılın “şah” titulunu qəbul etməsidir. Müasir tarixşünaslıqda “şah” və “şahənşah” — şahlar şahı — kimi hökmdarlıq titulları daha çox Sasanilərlə əlaqələndirilir. Halbuki Sasanilər də bu titulları özlərindən əvvəl mövcud olmuş siyasi ənənələrdən götürmüşdülər.
Əkbər Nəcəf
1501-ci ildə Şeyx Heydərin oğlu İsmayıl Ağqoyunlu dövlətinin mərkəzi Təbrizi ələ keçirərək ana tərəfdən babası Uzun Həsənin taxtına oturdu və özünü “şah” elan etdi. Beləliklə, Nəhavənd döyüşündən və Sasani imperiyasının süqutundan əsrlər sonra həmin dövlətin hökmdarlıq titulu yenidən siyasi dövriyyəyə daxil oldu. Bu fakta diqqət çəkən bəzi müasir Avropa tarixçiləri “şah” titulunu qəbul edən I İsmayılın Sasani dövlətçilik ənənəsini bərpa etmək iddiasında olduğunu qeyd edirlər.
<
Səfəvi dövrü mənbələrini tədqiq etdikdə I İsmayılın (1501–1524) istifadə etdiyi “şah” titulunun ikinci dərəcəli əhəmiyyət daşıdığı aydın olur. I İsmayıl əsasən “xaqan” titulundan istifadə etmişdir. Bundan başqa, onun haqqında “bahadır”, “sultan” və “şah” titulları da işlədilmişdir. Tarix-i aləmara-yi Abbasi əsərinin müəllifi İsgəndər Bəy Münşi Türkman və Əhsən ət-təvarix əsərinin müəllifi Həsən Bəy Rumlu Qızılbaş hökmdarını “Xaqani-İskəndərşan”, “Xaqan Süleymanşan”, “Bahadır xan”, “Zillullah” və “Giti-sitan” kimi titul və epitetlərlə zikr edirlər.[1]
İskəndər Bəy Münşi Qızılbaş hökmdarı I İsmayılı tərif edərkən onun haqqında belə yazır: “Əxlaqı gözəl, ölkələr fəth edən atın süvarisi, həşmət və dəhşət səmasının günəşi, Heydəri dövlətinin cahannüması və haqq olan on iki imam məzhəbinin aynası, padişahlar padişahı, Mürtəza təbiətli, vilayət bürcünün incisi, Kəyan ölkələrinin taxtına malik, yəni Süleyman şanlı ulu Xaqan Şah İsmayıl”.[2]
Bu təqdimatda yer alan “Kəyan ölkələrinin taxtına malik” ifadəsini[3] bəzi müasir tarixçilər I İsmayılın Sasani dövlətçilik ənənəsini bərpa etmək niyyətinin dəlili kimi təqdim edirlər.
Bu iddiaların əksinə olaraq, Sasaniləri Əhəməni hökmdarları ilə əlaqələndirən sülalə adı — “Kəyan” və ya “Key” — II Şapurun hakimiyyəti dövründə (309–379) Avesta mətnlərinə əlavə edilmişdir. Sasanilər Zərdüştiliyi ilk qəbul edən yarıəfsanəvi hökmdar Viştaspın adının əvvəlinə “Key” sözünü əlavə edərək “Key Viştasp” adını ön plana çıxarmışdılar.[4] Üstəlik, müəllifin yanaşmasına görə, bu ad “Key” deyil, qədim türkcədəki forması ilə “Kai” — Kai Viştasp — şəklində yazılmışdır. “Key” adının “Kai” formasında yazılması onun Turan mənşəli olması ilə əlaqələndirilir.[5]
“Kai” sözünün qədim türk dilində “ilan” mənası daşıdığı qeyd edilir. Asur mənbələrində “Kaspi”, Çin mənbələrində isə “Hieynbi” adı ilə xatırlanan xalqın adındakı “kai” sözünün “müharibə mələyi” anlayışını ifadə etdiyi bildirilir. Müəllifin fikrincə, Sasanilər bu sözü hökmdarlıq titulu kimi Hiyenbi tayfaları ilə əlaqəli olan quşanlardan götürmüşdülər.
“Kai”, yəni “müharibə mələyi”, qədim türk inanc sistemində su ilahəsi ilə əlaqələndirildiyi üçün Sasani ailəsinin ilk nümayəndəsi hesab olunan Sasanın da Pers əyalətindəki Anahita məbədinin baş kahini olduğu qeyd edilir.[6] Müəllifə görə, Sasanilər quşan hücumları zamanı Soğdak — Soğd — bölgəsini tərk edərək Persepolisin cənubunda yerləşən İstəxr şəhərinə gəlmiş, Vəzrəng ailəsinə sığındıqdan sonra isə Zərdüştiliyi qəbul etmişdilər. Part hökmdarları Sasani ailəsinin ilk nümayəndəsi Sasanı Anahita məbədinin baş kahini təyin etmişdilər.
Sasanilərin Əhəmənilərlə qohumluğu haqqında iddianın II Şapur dövründə irəli sürüldüyü və II Yəzdəgerdin hakimiyyəti zamanında (438–457) tərtib edilmiş şəcərə vasitəsilə əsaslandırılmağa çalışıldığı bildirilir.[7] Sasanilərin Pers–Əhəməni sülaləsinin davamçıları olması barədə iddia isə Firdovsinin Şahnamə əsərinin təsiri ilə İslam dövrü mənbələrində daha geniş yayılmışdır.
Qədim türk inanc sistemində “müharibə mələyi” kimi təqdim edilən kai — ilan və ya əjdaha — su və od ünsürləri ilə birbaşa əlaqələndirilir. İnanca görə, altı ay yer altında, altı ay isə göy üzündə yaşayan əjdahanı su və od kultları təmsil edirdi.[8]
Çingiz xanın mənsub olduğu ailə “Kiyat” adını daşıyırdı. Oğuzların 24 boyundan biri olan Qayı boyunun adı da müəllif tərəfindən “Kai” adı ilə əlaqələndirilir. Elxanilərdən sonra Azərbaycanda müstəqil dövlət yaradan Cəlayirilər də kai–qay nəslindən törədiklərinə inanırdılar.
I İsmayılın hökmdarlıq titulları
Xaqan
I İsmayılın daşıdığı ilk hökmdarlıq titullarından biri “xaqan” olmuşdur. Səfəvilər dövründən günümüzədək gəlib çatmış rəsmi dövlət sənədləri də bu titulun işlədildiyini təsdiqləyir.[9] Səfəvi dövrü mənbələrində I İsmayıl “Xaqani-İskəndərşan”, “Xaqani-Süleymanşan” və “Xaqan Şah İsmayıl” kimi titul və epitetlərlə təqdim edilir.[10]
Müəllifin yanaşmasına görə, “xaqan” titulunun ilkin formalarından biri hunlar tərəfindən istifadə edilmişdir. E.ə. I əsrdə hunlar haqqında məlumat verən Çin mənbələrində bu adın hu-yü formasında qeydə alındığı bildirilir.[11] Təxminən 293-cü ilə aid edilən Paikuli kitabəsində də hun hökmdarının “kağan” titulu ilə xatırlandığı qeyd olunur.[12]
Hökmdarlıq titulu kimi “xaqan” sözünün ilk dəfə Siyenbi hökmdarları tərəfindən istifadə edildiyi irəli sürülür. Çin mənbələrində “Siyenbi”, müəllifin istinad etdiyi türk mənbələrində isə “Kai” və ya “Qay” adı ilə təqdim edilən bu siyasi birlik təxminən 150–350-ci illərdə mövcud olmuş və Asiya Hun dövlətindən sonra bölgənin güclü siyasi qurumlarından birinə çevrilmişdir.
Göytürk hökmdarları da “xaqan” titulundan istifadə etmişlər. Türk tarixi ənənəsində əfsanəvi hökmdar kimi təqdim olunan Əfrasiyab — Alp Ər Tonqa — “xaqanlar xaqanı” titulu ilə xatırlanırdı. Qaraxanlı hökmdarları özlərini Əfrasiyabın nəslinin davamçıları hesab etdiklərinə görə “xaqan” titulundan istifadə edirdilər.[13]
Monqol dövründən etibarən “xaqan” titulunun qısaldılmış forması olan “xan” sözünün istifadəsi daha geniş yayılmışdır. Bununla belə, “xan” titulu monqollardan əvvəl Qaraxanlı hökmdarları tərəfindən də işlədilmişdir. Qarakitay hökmdarları da “xan” titulundan istifadə etmişlər.[14]
Bahadır
I İsmayılın daşıdığı ikinci hökmdarlıq titulu isə “bahadır” idi. Bahadır adı Böyük Hun yabqusu Metenin şəxsi adıdır. Çin mənbələrinə istinadən səhv olaraq “Mete” şəklində oxunan bu Hun hökmdarının əsl adı “Mo-dun”dur. Sinoloqlar bu adın “baqatır” olduğunu iddia edirlər.[15] Əslində, “bahadır” sözü “bayandur” adının fərqli oxunuşundan yaranmışdır. Hun hökmdarı Mo-dunun əsl adı da “Bayandur” idi.[16]
Sultan
I İsmayıl “sultan” titulu da daşımışdır. Amma daha sonra I İsmayıl bu titulu öz əmirlərinə vermişdir. Buna səbəb kimi I İsmayılın Şeybani dövlət sistemini əsas götürdüyü iddia edilir. Amma aydın olur ki, I İsmayıl Osmanlı sultanlarının öz əmirləri səviyyəsində olduğunu göstərmək üçün onlara “sultan” titulu vermişdir. İskəndər Bəy Münşiyə görə, Şah İsmayıl “xan” titulunun Osmanlılardakı “paşa”ya, “sultan” titulunun isə yalnız “sancaq bəyi”nə təkabül etdiyini deyirdi.[17]
Buna baxmayaraq, Şah İsmayılın ilk dövrlərdə “sultan” titulu aldığı məlumdur. İskəndər Bəy Münşiyə görə, qızılbaşlar “Əşhədu ən la ilahə illəllah” dedikdən sonra “Sultan oğlu Sultan, Xaqan oğlu Xaqan” deyirdilər.[18]
Şah
I İsmayıl mənbələrdə, xüsusilə də müasir dövr əsərlərində “Şah İsmayıl” adı ilə zikr edilir. “Şah” titulu I İsmayıldan sonra, xüsusən də onun oğlu Təhmasibin dövründə geniş yayılmışdır. Amma qızılbaşların İsmayıla “şah” şəklində xitab etdikləri də məlumdur. Hətta qızılbaşlar görüşdükləri zaman “salamünəleyküm” əvəzinə bir-birlərinə sadəcə “şah” deyirdilər.[19]
“Şah” adının mənşəyi və mənası geniş mübahisələrə səbəb olmuşdur. Mənbələrdə “şah” və “şahlar şahı” titullarının Quşan hökmdarları tərəfindən istifadə edildiyi haqqında məlumatlar mövcuddur. G. Fussmanın apardığı tədqiqatlara görə, Quşan hökmdarları Selevki krallarının istifadə etdikləri “basileus basileon” titulunun müqabilində “şaonano şao” — şahlar şahı — titulu daşıyırdılar.[20]
H. W. Baileyin araşdırmalarına görə, quşanlardakı “şao”, “şauo” və “şaoo” titulları Baktriya dilində “şao” şəklində istifadə edilirdi. Bu titul Xoten sakalarının dilində “xşawan” — oxunuşu: sşau —, Soğd dilində isə “xsywnyy” şəklində işlənərək “kral” mənasını ifadə edirdi. Titul Orta fars dilində “şahi” şəklində tələffüz edilmişdir.[21]
Taksila — Şimali Hindistan — bölgəsini işğal edən Saka hökmdarı Maues (e.ə. 90–80) öz sikkələrində “şao” və “şahi” titullarını həkk etdirmişdir. Onun xələfləri olan Azes və Azilises də öz sikkələrində bu titullardan istifadə etmişlər. Həmin hökmdarlar yunan və xaroşthi dillərində kəsdirdikləri sikkələrin üzərinə “şahlar şahı” titulunun yunanca qarşılığı olan “basileos basileon”, xaroşthicə qarşılığı olan “maharajasa rajadirajasa” ifadələrini yazdırmışlar.[22]
E.ə. 58-ci ildə Vikrama təqviminin başlanması ilə Şimali Hindistanda böyük bir imperiyanın təməllərini atan Saka hökmdarları “şahi” tituluna sahib idilər.[23] Məsələn, həmin dövrdə Saka hökmdarının adı və titulu belə qeyd edilmişdir: “Daivaputra-şahi şahanuşahi Saka Matunda”.[24]
Quşanlar sakalara aid olan Şimali Hindistan ərazilərini ələ keçirdikdən sonra bu titulu mənimsəmişdilər. Quşan yabqusu Kanişka Şimali Hindistanı ələ keçirdikdən sonra zərb etdirdiyi qızıl sikkələrin üzərinə Xoten sakalarının dilində “şah” titulunu həkk etdirmişdi. Onun xələfləri olan Vasişka və Vasudeva da öz sikkələrində eyni tituldan istifadə etmişlər. Kanişkadan əvvəlki Quşan sikkələrində yer alan “maharaja rajatiraja” və “basileus” titullarının yerini Kanişka ilə birlikdə “şah” və “şahənşah” titulları almışdır.[25]
7-ci ilə aid Brahmi kitabəsində də Kanişka üçün “şah” titulu işlədilmişdir.[26] Quşan hökmdarı Vasudevaya aid kitabələrdə də eyni titul yer alır. Quşanlardan əvvəl Part hökmdarı I Mitridatın (e.ə. 171–138) da “şahənşah” titulu daşıdığı güman edilir.[27]
“Şah” sözünün mənşəyi və meydana çıxması tədqiqatçıları uzun illər məşğul etmişdir. Bu titul, əslində, Şumer və daha sonra Babil mətnlərində keçir.[28] Şumer və babillilərin inancında ilahə Nana “hörmətli və ali” mənasında “şah” adlandırılırdı. Babil dövrünə aid Şumer yazılarında həmin ilahə “Nana şao” adlanır.[29]
Şah İsmayıl bu titulu hansı səbəbdən və necə almışdır?
Bu suala cavab tapmaq elə də çətin deyildir. Nəzərə alsaq ki, Şah İsmayılın ailəsinin güclü Xorasan əlaqələri vardı, o zaman “şah” titulunun Səfəvilərə haradan gəldiyi aydın olur. Belə ki, “şah” titulu qədim türklərdə “şad” şəklində mövcud idi. Göytürklərin ilk nümayəndəsinin adı Çin mənbələrində “Notulu Şad” kimi qeyd edilmişdir.[30] İlk Göytürk xaqanı Buminin atasının adı da mənbələrdə çincə “A Hsien Şad” — Bilgə Şad — şəklində yazılmışdır.[31] Bizans elçisi Valentin və onun başçılıq etdiyi elçilik heyəti 576-cı ildə Aral gölü ətrafında görüşdükləri Göytürk hakimini “Türk Şad” adlandırmışdılar.[32]
“Şad” titulu haqqında xüsusi tədqiqat aparan italyan türkoloq A. Bombaciyə görə, “şad” titulu “şah” adı ilə eynidir.[33]
“Şad/şah” titulu Göytürklərdə dərəcə etibarilə xaqandan aşağıda yer alırdı. Qərbi Göytürk xaqanlığının bir qolu kimi mövcud olan Toxarıstan yabquları da bu titulu daşıyırdılar. Səfəvilərlə Toxarıstan — Bəlx — hökmdarları arasında irsi qohumluq əlaqələri mövcud olduğuna görə, Səfəvilər “şah” titulunu irsən qəbul etmiş olmalıdırlar.[34]
Bunun kimi, qədim türklərdə “şadapıt” titulu da vardı. “Şad” və “apa” — “apıt” — adlarının birləşməsindən yaranan “şadapıt” və ya “şadpıt” İslam dövründə “Şəddad” adının da meydana çıxmasına səbəb olmuşdur. A. von Gabainə görə, “əsilzadəliyin yüksək mərtəbəsini” ifadə edən bu titul qədim türk kitabələrində də qeyd edilmişdir.[35]
Beləliklə, “şah” titulu ilk dəfə şumerlərdə tanrının alilik sifətini ifadə edən söz kimi meydana çıxmış, daha sonra isə sakalar tərəfindən hökmdarlıq titulu olaraq işlədilmişdir. Quşanlar sakalardan, Sasanilər isə quşanlardan qəbul etdikləri bu titulu istifadə etmiş, qədim türklərdə həmin titul “şad” şəklində mövcud olmuşdur. I İsmayıl “şah” titulunu qəbul etməklə təqribən 3500 illik tarixə malik bir titulu yenidən canlandırmışdır.
İstinadlar
- İskəndər Bəy Münşi Türkman, Tarix-i aləmara-yi Abbasi, tərcümə edən A. Genceli, Türk Tarix Qurumu Kitabxanası, Tərcümə № Ter/51, c. I, hissə I, s. 43. ↩
- Eyni əsər, s. 40. ↩
- Gherardo Gnoli, The Idea of Iran, Roma, 1989, s. 122–123. ↩
- Ehsan Yarshater, “Were the Sasanians Heirs to the Achaemenids?”, La Persia nel Medioevo, Roma, 1971, s. 517–531. ↩
- Ehsan Yarshater, 1983b, s. 336. ↩
- Grantovski, Tarix-i İran əz zəman-i bastan ta emruz, tərcümə edən Keyxosrov Kəşavərz, Tehran, 1359 h.ş., s. 157. ↩
- Parvaneh Pourshariati, Decline and Fall of the Sasanian Empire: The Sasanian–Parthian Confederacy and the Arab Conquest of Iran, New York: I.B. Tauris, 2008, s. 335, 385. ↩
- Nəcəf Ə., İnanc yaddaşı, Bakı, 2014, s. 188–195. ↩
- Sümer F., Türk Devletleri Tarihinde Şahıs Adları, İstanbul, 1990, c. I, s. 235. ↩
- İskəndər Bəy Münşi, Tarix-i aləmara-yi Abbasi, A. Genceli nəşri, c. I, hissə I, s. 40, 74. ↩
- Clauson G., “The Earliest Turkish Loan Words in Mongolian”, Central Asiatic Journal, c. IV, № 3, 1959. ↩
- Altheim F., Attila et les Huns, Paris, 1952, s. 51. ↩
- Donuk A., Eski Türk Devletlerinde Unvan ve Terimler, İstanbul, 1988, s. 24–26. ↩
- Menges K. H., “Der Titel Kür Han der Kara Kitay”, Ural-Altaische Jahrbücher, c. XXIV, № 4, 1952, s. 84–88. ↩
- Ögel B., Türk Mitolojisi, Ankara, 1971, c. I, s. 342. ↩
- Nəcəf Ə., Hun minilliyi (e.ə. IV – eramızın VI əsrlərində Türk dünyası), Bakı, 2015, s. 36. ↩
- Sümer F., Türk Devletleri Tarihinde Şahıs Adları, s. 235–236. ↩
- İskəndər Bəy Münşi, Tarix-i aləmara-yi Abbasi, c. III, hissə III, s. 380. ↩
- Hinz W., Uzun Hasan ve Şeyh Cüneyd: XV. Yüzyılda İran’ın Millî Bir Devlet Haline Yükselişi, tərcümə edən T. Bıyıklıoğlu, Ankara, 1992, s. 86. ↩
- Fussman G., “La Renouveau Iranien dans l’Empire Kouchan”, Le Plateau Iranien et l’Asie Centrale des Origines à la Conquête Islamique: Leurs relations à la lumière des documents archéologiques, Paris, 22–24 mart 1976, Colloques Internationaux du CNRS, № 568, Paris: Éditions du CNRS, 1977, s. 316. ↩
- Stavisky B. Ya., “Buddiyskie peşçerı Kara-tepe v Starom Termeze. Osnovnıe itogi rabot 1963–1964 gg. Nadpisi, terrakotı, kamennıe relefı”, Materialı sovmestnoy arxeologiçeskoy ekspeditsii na Kara-tepe, ümumi redaktə edən B. Ya. Stavisky, Moskva, 1969, s. 57, qeyd 48 — Qara-təpə II sənədləri. ↩
- Shrava S., The Sakas in India, New Delhi: Pranava Prakashan, 1981, s. 105–108. ↩
- Konow St., Corpus Inscriptionum Indicarum, c. II, hissə I: Kharoshthi Inscriptions with the Exception of Those of Asoka, Varanasi, 1969, s. 175. ↩
- Shrava S., The Sakas in India, s. 37, qeyd 62. ↩
- Konow St., Corpus Inscriptionum Indicarum, s. 101–122. ↩
- Brahmi kitabəsində yer alan sətir belədir: “Maharajasya rajatiraya devaputrasya şahi Kanişkaya”. Bax: Shrava S., Dated Kushana Inscriptions, New Delhi: Pranava Prakashan, 1993, s. 26–27. ↩
- I Mitridata aid sikkələr yunanca olduğuna görə həmin sikkələrdə “basileus basileon” — krallar kralı — titulu yer alır. J. Wolski bunun “şahənşah” titulunun yunanca qarşılığı olduğu fikrindədir. Bax: Wolski J., “Le titre de ‘Roi des rois’”, From Alexander the Great to Kül Tegin: Studies in Bactrian, Pahlavi, Sanskrit, Arabic, Aramaic, Armenian, Chinese, Turkic, Greek and Latin Sources for the History of Pre-Islamic Central Asia, redaktor J. Harmatta, Budapeşt, 1990, s. 11–18. ↩
- Tezcan M., Kuşanlar Tarihi (Yüeh-chih’lardan Kuşanlara), Atatürk Universiteti, Sosial Elmlər İnstitutu, Tarix ixtisası üzrə doktorluq dissertasiyası, Ərzurum, 1996, s. 350. ↩
- Mukherjee B. N., Nana on Lion: A Study in Kushana Numismatic Art, Kalkutta: The Asiatic Society, 1969, s. 10. ↩
- Ögel B., “Doğu Gök-Türkleri Hakkında Notlar”, TTK Belleten, № 81, 1957, s. 111. ↩
- Liu Mau-tsai, Die chinesischen Nachrichten zur Geschichte der Ost-Türken (T’u-küe), Wiesbaden, 1958, c. I, s. 40. ↩
- Bombaci A., “On the Ancient Turkish Title ‘Shad’”, Gururajamanjarika: Studi in onore di Giuseppe Tucci, Neapol, 1974, s. 168. ↩
- Eyni məqalə, s. 180–183. ↩
- Səfəvilərlə Toxarıstan yabquları arasındakı ailəvi əlaqələr tərəfimizdən müəyyən edilmişdir. Bax: Şah İsmail Hata’i Külliyatı, hazırlayanlar E. N. Necef və B. Chavanshir, İstanbul, 2006, giriş hissəsi. ↩
- “Cənubdakı şadapıt bəyləri”. Bax: Orkun H. N., Eski Türk Yazıtları, İstanbul, 1937, c. I, Kültigin kitabəsi, cənub tərəfi, sətir 1; Donuk A., Eski Türk Devletlerinde Unvan ve Terimler, s. 35–36. ↩