“Hər işin ibtidası tərbiyədir”: Ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyəti
Elmi publisistika
|
Təhsil · Tərbiyə · Cəmiyyət
“Hər işin ibtidası tərbiyədir”: Ailə, məktəb və cəmiyyətin ortaq məsuliyyətiUşağın təlimindən əvvəl onun tərbiyəsi, şəxsiyyət və əxlaqlı insan kimi formalaşması dayanır. Bəs ailə, məktəb və müəllim bu taleyüklü prosesdə hansı məsuliyyəti daşıyır? |
Əməkdar müəllim Aydın Əhmədov elmi-pedaqoji yazısında ailə tərbiyəsinin əhəmiyyətini, məktəbin və müəllimin məsuliyyətini, milli-mənəvi dəyərlərin qorunmasını, şagird davranışını, pedaqoji intizamı və müasir cəmiyyətdə uşaqların tərbiyəsi ilə bağlı aktual problemləri təhlil edir.
“Hər işin ibtidası tərbiyədir”
Tərbiyənin tarixi və mənəvi başlanğıcı
Vaxtilə ötüb-keçən əyyamlarda kütləvilikdən xali olsa da, təhsillənmənin əhəmiyyətini dərk edərək savad almaları məqsədilə övladlarını mollaxanalara gətirən valideynlərin mollalara guya “Əti sənin, sümüyü mənim” sözləri ilə müraciət etməsi mahiyyətə varılmadan zaman keçdikcə sövqi-təbii olaraq nadanlıq nümunəsi kimi qəbul edilmişdi.
Əslində, həqiqətdən çox rəmzi məna daşıyan, hansısa ovqat və hisslərdən qaynaqlanmış həyati təcrübə nəticəsində zərbi-məsələ çevrilən və yəqin ki, heç bir halda o dövrün insanının dilindən bu redaksiyada səslənməyən həmin ifadə bir tərəfdən həm öyrədənə (müəllimə) inamın, hörmət və ehtiramın, eləcə də uşağın savadlanması ilə bağlı xoş niyyətin bariz nümunəsi idisə, digər tərəfdən də daha artıq dərəcədə övladının tərbiyələnib cəmiyyətdə normal, əxlaqlı insan olacağı barədə valideynin arzusunu əks etdirirdi.
Əslinə qalsa, valideyni övladının təlimindən daha çox onun tərbiyələnməsi, el dilində desək, “adam olması” düşündürürdü.
“Hamı deyir oxu alim ol, amma bunların biri də demir ki, oxu adam ol”.
Bu məqamda dahi ədibimiz Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki İsgəndər surətinin dili ilə deyilən məşhur ifadəni xatırlayaq: “Hamı deyir oxu alim ol, amma bunların biri də demir ki, oxu adam ol”. O da reallıqdır ki, nə mollaxanaların, nə də mollaların heç də hamısını “Dəli Kür” filmindəki ideoloji basqının təsiri ilə çəkilmiş mollaxana səhnəsi və Molla Sadıq timsalında qəbul etmək, şübhəsiz, həqiqətdən çox uzaq olardı.
Etiraf etmək lazımdır ki, nə qədər sərt qaydaları olsa belə, cəlb olunan uşaqların ilkin səviyyədə savadlanmasında, xüsusilə, “Qurani-Kərim”in öyrədilməsi ilə təlqin edilən mənəvi dəyərlər zəminində formalaşmasında o vaxtkı mollaxana təliminin xidmətləri danılmazdır. İlk təhsilini mollaxanada alan böyük şəxsiyyətlərimizi sadalamağa isə, zənnimcə, ehtiyac yoxdur.
Neçə qərinə, əsr bundan əvvəl yaranmasına baxmayaraq, həmin məşhur zərbi-məsəl bir həqiqətə işıq salır ki, uşaqların tərbiyəolunması ilə bağlı problemlərə münasibətdə, belə demək mümkünsə, cəhalətin üstün olduğu cəmiyyətin müəyyən qrup insanları ilə intellektual cəmiyyətin insanları arasında düşüncə, təfəkkür, yanaşma eyniliyini görməmək mümkün deyil, dövr, əsr, zaman fərqi belə, bu düşüncə tərzinə sipər yarada bilmir.
Milli ruh və müasir tərbiyə çağırışları
Ədalət naminə demək lazımdır ki, dövlət müstəqilliyi dövrünə təsadüf edən son bir qərinə ərzində formalaşmış və Azərbaycanın düşmən tapdağı altında olan müqəddəs torpaqlarımızı işğaldan azad edən gənclər-minlərlə şəhid, qazi olanlar xalqımızın qürur mənbəyidir, bugünkü uşaq və yeniyetmələr üçün qəhrəmanlıq, Vətənə bağlılıq, dövlətə, dövlətçiliyə sədaqət simvoludur.
“Amma möhtəşəm qələbəmizdən nə qədər ruhlansaq da, o milli ruhu daim qoruyub saxlamaq əsas vəzifəmiz olmalıdır.”
Amma möhtəşəm qələbəmizdən nə qədər ruhlansaq da, o milli ruhu daim qoruyub saxlamaq əsas vəzifəmiz olmalıdır.
Bu mənada düşünürəm ki, hazırda belə bir müddəa ilə heç kəsi təəccübləndirmək mümkün olmaz ki, uşaq və yeniyetmələrin, gənclərin tərbiyəolunması ilə bağlı problemlər taleyüklü məsələ kimi texniki inqilabların sürətlə baş verdiyi, qloballaşmanın qarşısıalınmaz təsiri ilə dünyagörüşlərin, mənəvi dəyərlərə baxış və yanaşmaların getdikcə dəyişikliklərə məruz qaldığı, dost-düşmənin artıq tam tanındığı indiki dövrdə daha ciddi aktuallıq kəsb edir. Etiraf etmək lazımdır ki, geniş mənada götürsək, bu gün ictimaiyyəti düşündürən ən vacib məsələlərdən biri məktəblilər tərəfindən qanun pozuntularının, hətta cinayət xarakterli hadisələrin əvvəlki vaxtlara nisbətən tez-tez baş verməsidir.
Düzdür, uzun illərin təcrübəsi də sübut edir ki, uşaqların tərbiyəolunmasında standart yanaşma üsulu, vahid resept yoxdur və ola da bilməz. İndiyədək tərbiyə problemlərinə həsr edilən yüzlərlə elmi-nəzəri, təcrübi-metodik əsərlər yazılıb, müxtəlifyönlü tədqiqatlar aparılıb, saysız-hesabsız hikmətli fikirlər səsləndirilib.
Şübhəsiz, istiqamət mənasında onların əhəmiyyəti həmişə vurğulansa da, bunların uşaq və yeniyetmələr arasında qanun pozuntularına qarşı kəsərli silah olduğunu iddia etmək reallıqdan uzaqdır. Kütləvi olmasa da, məktəb şagirdləri tərəfindən törədilən pozuntular bu və ya digər dərəcədə, təəssüf ki, əvvəllərdə də olub, bu gün də var, sabah da olacaqdır.
Ziddiyyətlər, dolanbaclar, təfəkkür, düşüncə, münasibət müxtəlifliyi ilə zəngin olan həyatda nəyin və nələrinsə daim eyni dərəcədə sabit qalacağına və elə bu mənada da nə dərəcədə tədbirlər görülsə də, məktəb uşaqlarının bundan sonra daha heç bir neqativ hala yol verməyəcəyinə ümid bəsləmək xoş xülyadan başqa bir şey deyildir və bunu tam təbii qarşılamaq şərtilə belə faktların maksimum azaldılması barədə fikirləşməliyik.
Bu cür yanaşma tərzi də çox zərərlidir ki, hər hansı bir məktəbin şagirdinin (yaxud şagirdlərinin) yol verdiyi müəyyən pozuntu halı çox vaxt hərtərəfli araşdırılmadan anındaca reklam edilib gündəmə çıxarılır, həmin fakta görə təhsil müəssisəsinin aşağılanmasına cəhd göstərilir, həm də tələm-tələsik “günahkar” axtarışına başlanılır, “ailəmi, məktəbmi günahkardır” sualı tez-tez səslənir.
Şübhəsiz, danılmaz həqiqətdir ki, uşaqların həm dövrə uyğun, həm də milli zəmində tərbiyə olunmasında, şəxsiyyət kimi formalaşmalarına etibarlı əsas yaradan ilkin bacarıqlar qazanmalarında ailə faktoru birmənalı şəkildə mühüm əhəmiyyət daşıyır, bu prosesdə ağırlıq yükü, məsuliyyət və öhdəlik birinci növbədə məhz valideynlərin üzərinə düşür.
Məntiq isə çox sadədir: uşaqları dünyaya gətirən onlardır və övladlarının taleyi, gələcəyi, cəmiyyət üçün gərəkli insan kimi yetişməsi hamıdan əvvəl məhz onları düşündürməlidir.
Təhsil prosesinə cəlb olunanadək ailədə uşaqların müsbət mənada görüb-götürdükləri onların sonradan təhsil dünyasına asanlıqla uyğunlaşmasında əvəzedilməz rol oynayır. Beləliklə də, cəsarətlə deyə bilərik ki, pedaqoji anlamda düzgün qurulmuş ailə tərbiyəsi elə uşaqların təhsilinin ilkin başlanğıcıdır.
Lakin sirr deyil ki, mükəmməl ailə tərbiyəsi heç də bütün uşaqlara nəsib olmur. Valideynlərinin boşanması, valideynlərinin onlardan imtina etməsi nəticəsində maddi çətinliklər içərisində kimlərinsə himayəsində yaşamağa, eləcə də yetkinlik yaşına çatanadək internat tipli müəssisədə, uşaq evində (yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə valideyn himayəsi olmayan uşaqlar üçün internat, uşaq evi tipli müəssisənin strukturu, daxili qaydaları barədə səhih məlumatım olmasa da, təkcə onu diqqətə çatdırmaq istərdim ki, 100-200, hətta bundan da artıq sayda uşağı həssas və məhrəmanə münasibətin qıt olduğu eyni şəraitdə yeknəsək gün rejimi və milli çeşidin məhdud olduğu qida rasionu ilə saxlamaq onlarda heç bir məmnunluq duyğusu və nikbinlik yaratmır, əksinə, həsəd hisslərini daha da gücləndirir.
Fikrimizcə, əvvəlki illərdə mövcud olmuş “ailə tipli uşaq evləri” təcrübəsindən yararlanmaqla belə müəssisələrin tamamilə başqa bir formada – yığcam kontingentlə ev şəraitinə uyğun qaydada təşkili barədə düşünməyin vaxtı gəlib çatmışdır) qalmağa məcbur olan; davamlı ailə münaqişələri içərisində böyüyən; valideynləri olduğu halda, onlardan diqqət və qayğı əvəzinə etinasızlıq, hətta şiddət görən; qeyri-intellektual, əksərən xurafatın hökm sürdüyü səbatsız və kriminal həyat tərzinə meyilli mühitdə yaşayan uşaqlar da vardır ki, üzləşdikləri tale, təbii ki, onların yaddaşında və tərbiyəsində mənfi izlər buraxmaqla sosial adaptasiyalarının, psixoloji dayanıqlarının, etik davranış bacarıqlarının və təhsilə maraqlarının təmin edilməsi ilə bağlı xeyli çətinliklər meydana çıxır.
Diqqət etsək, problemlər yalnız bunlarla məhdudlaşmır. Xüsusilə, kənd yerlərində bəzi valideynlərin icbari təhsil qanununu pozaraq övladlarını təhsildən yayındırıb təsərrüfat işlərinə, məişət qayğılarının həllinə cəlb etmələri, bir çox hallarda qız uşaqlarını məktəbdən kənarlaşdıraraq onların nəinki tam orta, hətta ümumi orta təhsil ala bilməməsi və müəyyən qisminin məcburən erkən nikaha cəlb olunmaları da uşaqların müasir dünyagörüşü və mədəni səviyyə zəminində tərbiyə edilmələrini əngəlləyən, problemlərin miqyasını genişləndirən amillər sırasına daxildir (Söz düşmüşkən, ciddi təhlillər aparılmaqla yerlərdə hər bir məktəb üzrə vaxtilə 1-ci siniflərə qəbul olunmuş şagirdlərin 9-cu sinfə çatdırılması prosesinin araşdırılması, nəticə etibarı ilə rayon və şəhərləri, onların əsasında regionları, son olaraq respublikanı əhatə edən hesabatların hazırlanıb təqdim olunması və beləliklə də ölkədə icbari təhsil qanununun yerinə yetirilməsinin real vəziyyəti barədə məlumatlara malik olmaq ümumi təhsil sistemində ən ciddi vəzifələrdən hesab edilir).
Bütün bunları reallıq olaraq nəzərə almaqla etiraf etməliyik ki, fərqli xarakterə və psixoloji xüsusiyyətlərə malik, bir-birinə bənzəməyən mühit və şəraitlərdə böyümüş uşaqların daxili intizam qaydalarına uyğun səfərbər edilməsi, vahid məqsəd ətrafında birləşdirilməsi, təhsil maraqlarının tənzimlənməsi, ünsiyyət, kollektivçilik, birgəfəaliyyət qaydalarına alışdırılması, habelə zəruri hallarda ailələrindəki psixoloji atmosferin öyrənilməsi kimi pedaqoji məsələlərin həllinin ağırlıq yükü məhz məktəbin üzərinə düşdüyündən şagirdlərin (xüsusilə ibtidai sinif mərhələsində) diaqnostik qiymətləndirmələrdən keçirilməsi və alınan nəticələr əsasında hər bir şagird üçün “psixoloji-pedaqoji yol xəritəsi”nin hazırlanması təhsil prosesinin səmərəli təşkili və keyfiyyətinin idarə olunmasında vacib arqument kimi meydana çıxır.
Başqa sözlə, məktəb rəhbərliyi, pedaqoji kollektiv öz şagirdlərini (hətta valideynləri də) hərtərəfli tanımalı, necə deyərlər, hansı hava ilə nəfəs aldıqlarını yaxından duyub hiss etməlidirlər.
Düşünürəm ki, məktəbəhazırlıq təhsilinin yekununda şagirdlərə fərdi cəhətləri barədə xasiyyətnamə tərtib olunması ibtidai mərhələnin ilk siniflərindən başlayaraq aparılacaq diaqnostika tədbirləri üçün etibarlı zəmin yarada və təhsil prosesinin normal təşkilinə müsbət təsir göstərə bilər (bir yazımda məktəblərdə heç də ciddi diqqət yetirilməyən diaqnostik qiymətləndirmənin əhəmiyyəti haqda fikir bildirərkən təklif etmişdim ki, I siniflərə qəbul olunmuş şagirdlər məktəbə sentyabrın 1-dən etibarən cəlb olunsunlar və sentyabrın 15-də rəsmi dərs ili başlananadək müəllim uşaqları tanımaq, müəyyən diaqnostik tədbirlər aparmaq imkanı əldə etsin.
Həm də belə bir mülahizə bildirmişdim ki, pedaqoji ali məktəbi yenicə bitirib məktəbə təyinat almış, hələ lazımi səviyyədə iş təcrübəsi olmayan gənc mütəxəssisə birdən-birə müstəqil ibtidai sinif, xüsusilə I sinif həvalə etmək nə dərəcədə düzgündür? Bunun nəticəsi müsbət ola bilərmi?)
Bu gün məktəblərdə tətbiq edilən formativ qiymətləndirmə prosesinin təşkili qaydalarına şagirdlərin təlimdə irəliləyişlərinin uçotunun aparılması ilə yanaşı, onların daxili intizam, davranış qaydalarına hansı səviyyədə riayət etmələrinin də daxil olunması təlimlə tərbiyə proseslərinin qovuşaraq vahid məqsədə xidmət göstərməsinin bir daha əyani sübutu olardı.
Bu mənada belə bir sual da düşündürücüdür: ümumi orta və ya tam orta təhsili bitirən şagirdlərə attestatla bərabər müəyyən edilmiş formada əxlaq və davranışları barədə nə üçün xasiyyətnamə verilməsin?!
Belə bir mülahizənin də sübuta ehtiyacı yoxdur ki, məşhur “sağlam bədəndə sağlam ruh olar” ifadəsinin məntiqilə yanaşsaq, məktəblərdə sağlam psixoloji mühitin, yaradıcı və təşəbbüskar iş əzminin mövcudluğu onun fəaliyyətinin dövlətin təhsil siyasətindən irəli gələn tələblər əsasında qurulmasından, təlim-tərbiyə prosesinin şagirdlərin dövrə uyğun texniki və humanitar savadlılığının, habelə müasir kütləvi peşələrə istiqamətləndirilməsinin, eləcə də hansı səviyyədə modernləşmə olursa-olsun, milli-mənəvi dəyərlərə sadiqlik nümunəsində böyümələrinin təmin edilməsindən, məktəb rəhbərliyinin təhsil problemlərinə dərindən bələdliyi və idarəetmə səriştəliliyindən, pedaqoji heyətin şagirdlərlə iş sahəsində psixoloji yetkinliyindən və metodik ustalığından bilavasitə asılıdır.
mövqeyi və cümlələri saxlanılıb. Yalnız səhifə nömrələri çıxarılıb və aşkar texniki səhvlər düzəldilib.
Bununla belə, sonradan günahı müxtəlif tərəflərdə (valideyn, məktəb, müəllim və s.) axtarsaq da, düşünürəm ki, uşaq və yeniyetmələr arasında bu və ya digər səbəblərlə bağlı baş verən qanun pozuntularının qarşısını, əsasən, müvafiq qanunçuluq tələblərinin sərtləşdirilməsi yolu ilə almaq mümkündür.
Məsələn, ailə dəyərlərini nəzərə almayan, övladlarını atıb gedən, öhdəliklərini yerinə yetirməyən və övladlarının gələcək taleyi ilə maraqlanmayan, səbatsız həyat tərzi keçirən valideynlər haqqında aidiyyəti qanunvericilik aktlarında nəzərdə tutulan müddəalar bu kimi mövcud problemlərin həllinə təsir göstərmək imkanına nə dərəcədə malikdir? Fikrimizcə, sadəcə olaraq “məsuliyyət daşıyır”, eləcə də feilin vacib formasında nəsihət, tövsiyə xarakterli ifadələrlə yatmış vicdanları oyatmaq qeyri-mümkündür və bu sahədə çox ciddi inzibati tədbirlərə ehtiyac duyulur.
Təklif edərdik ki, ümumi təhsilə aid qanunvericilik sənədlərində də təhsilverənlərin, xüsusilə təhsilalanların, həmçinin valideynlərin hüquq və vəzifələrinə yenidən baxılıb təkmilləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilsin. Belə ki, məktəbin daxili intizam qaydalarını, dərs prosesini davamlı şəkildə pozan, ipə-sapa yatmayan, müəllimin iradlarına məhəl verməyən uşaqlara qanunvericiliklə müəyyən edilmiş qaydada təsirli intizam tənbehinin tətbiqi mexanizmi haqda düşünməyin məqamı gəlib çatmışdır. Bu, pozuçuluq hərəkətlərinin qarşısının alınmasında, məsuliyyət mədəniyyətinin formalaşmasında xeyli əhəmiyyət kəsb edərdi.
Bu gün demokratiyadan danışmaq dəbdədir, lakin heç də hamı demokratiyanın möhkəm intizama əsaslandığını qəbul etmək istəmir. Belə düşünmək nə dərəcədə düzgündür ki, müəllim intizamsız hərəkətinə qarşı şagirdə irad bildirməməli, tənbehedici söz deməməlidir.
Ola bilər, təcrübəsizliyi və səbirsizliyi üzündən müəllim də şagirdin bu və ya digər hərəkətinə pedaqoji çərçivədə reaksiya verməsin. Lakin heç bir halda şagirdin, valideynin yanında müəllimin aşağılanmasına qətiyyən yol vermək olmaz, onun qismən yanlış hərəkətlərinə ancaq rəhbərlik tərəfindən baxılıb müəyyən qərar qəbul edilə bilər (əlbəttə, ciddi antipedaqoji faktlar istisnadır). Əks-təqdirdə cəmiyyətdə mənəvi başıpozuqluq, hörmətsizlik, “böyük-kiçik” bilməzlik hallarının yaranma ehtimalı güclənə bilər.
Müdrik ata-babalarımız yaxşı deyiblər: “Bir iş görəndə yüz ölç, bir biç”.
Amma, çox təəssüf ki, ölçülmədən biçilmə, nəticəni düşünmədən qərarvermə halları hələ də tükənmək bilmir. Belə ki, təhsil prosesində şagirdə şiddət göstərən (o şiddət nədən ibarətdir, mahiyyəti nədir, necə və kim tərəfindən müəyyən olunub araşdırılır, bu proses nə qədər çəkir, nə üçün məhz 200 manat, bütün “şiddət”lər nə səbəbdən məhz 200 manatla dəyərləndirilir?) müəllimin cərimə ilə hədələnməsi müəllim adına, “müəllim-şagird” münasibətlərinə, müəllimin tərbiyəedici və öyrədici funksiyasına necə ağır zərbə vuracağını, təlim-tərbiyə prosesinə destruktiv təsir göstərəcəyini, pedaqoji kollektivin psixoloji basqıya məruz qalacağını əvvəlcədən təsəvvür etmək heç də çətin deyildir.
Dərindən fikirləşsək, müəllimin cərimə tətbiqi ilə aşağılanması müəllim adının ucalığı haqqında insanların qəlbində kök salmış milli dəyər hissini sarsıtmaq cəhdi, millətin mənəvi dayaqları altında yerləşdirilmiş və hər an partlayış təhlükəsi yarada bilən mina təsiri başlayır.
“Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq peşədir”.
Bu məqamda Ulu Öndər Heydər Əliyevin hikmətli sözlərini xatırlayaq: “Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq peşədir”.
Əlbəttə, ölkəmizin ümumi təhsil sistemində xeyli sayda səriştəli məktəb rəhbəri, təcrübəli müəllim kadrları olsa da, təbii ki, bütövlükdə götürsək, həmin pedaqoji işçilərin heç də hamısının fəaliyyətini, necə deyərlər, “çəhrayı rəng”də təqdim etmək mümkün deyildir.
Etiraf edək ki, onların arasında arzularının əksinə olaraq pedaqoji mühitə düşənlər, daxili aləmi və təbiətləri etibarı ilə bu peşəyə uyuşmayanlar da mövcuddur. Ona görə də şəxsən bu fikirdəyəm ki, pedaqoji ixtisaslara test üsulu ilə tələbə qəbulu heç bir cəhətdən məqbul deyildir.
Elə bir qəbul mexanizmi seçilməlidir ki, o prosesdə abituriyentin müəllimlik peşəsini nəyə görə seçdiyi, bu işə özünü mənəvi-psixoloji cəhətdən hazır hesab etməsi, yazılı və şifahi nitq savadlılığı, ümumi dünyagörüşü, hətta xarizmatikliyi barədə məlumatlar, təsəvvür əldə etmək imkanı yaranmış olsun.
Eləcə də pedaqoji ali məktəblərimizdə müəllim hazırlığı sisteminin dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi, müəllimlərin ixtisasartırma təhsilinin öyrədici-inkişafetdirici kurikulumlar üzrə daha çox “tələb-təklif” modeli məsələlərinə diqqətin artırılması faydalı olardı.
Müəllimi uşaq qəlbinin mühəndisi, qurucusu adlandırırlar. Əsl təhsil elə müəllimlə şagirdin təmasından başlanır. O təmasın təsir dərəcəsindən uşaq müəllimə bağlana, ondan kənarlaşa da bilər.
Müəllim hazırlığı müddətində tələbələrə uşaqlarla əməkdaşlıq münasibəti qurulması ilə bağlı pedaqoji-psixoloji məsələlərin praktik mənimsədilməsinin mühüm əhəmiyyət daşıdığı heç də sirr deyildir. Təhsillərini başa vuran məzunların ölkənin “Təhsil haqqında” qanundan irəli gələn vəzifələr, xüsusilə, dövlətin təhsil sahəsində siyasətinin əsas prinsiplərinin mahiyyəti, ümumi təhsilin dövlət standartları, ümumi təhsilin təşkilinə verilən ümumi didaktik tələblər, məktəbdaxili qiymətləndirmə növlərinin tətbiqi yolları, siniflər üzrə ixtisasına uyğun fənn kurikulumlarının tədrisi metodikası haqqında nəzəri bilgilərə, ən əsası, bacarıq və səriştələrə malik olması ciddi önəm daşıyır.
Uşaqların tərbiyəolunmasından danışarkən bir məqama da diqqət yetirilməlidir. Belə ki, uşaq və yeniyetmələr bir sıra hallarda ətrafda, əhatə olunduqları mühitdə onlara təlqin edilənlərin əksi ilə rastlaşırlar.
Əksər telekanallarda səviyyəsiz, milli ənənələrlə bir araya sığmayan verilişlərin (yaxşı ki, bəziləri bağlanıb) nümayişi, bayağı, yad musiqilərin və onların ifaçılarının təbliği, efir mədəniyyətindən kənar yersiz hərəkətlərə yol verilməsi, həqiqətən, ikrah doğurmaqla uşaqların daxili aləminə, psixologiyasına olduqca mənfi təsir göstərir.
Düşünürük ki, uşaq və gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin roluna, təhsil tariximizə, təhsilimizin müasir problemlərinə, pedaqoji fikir tariximizin görkəmli nümayəndələrinə, “müəllim-valideyn”, “məktəb-valideyn” münasibətlərinə, inkişafyönlü təhsil layihələrinə və digər bu kimi vacib məsələlərə həsr edilən verilişləri işıqlandıran rəsmi dövlət “Təhsil” telekanalının yaradılmasının vaxtı gəlib çatmışdır.
Həm də istər bəzi telekanallarda, istərsə də digər məkanlarda musiqi ifaçılığı zamanı açıq-saçıq geyimlərdən istifadənin rəsmən ləğv edilməsi, ölkə miqyasında müvafiq peşə sahələri üzrə, habelə kütləvi xarakter daşıyan korporativ geyim formalarının və zahiri görünüş qaydasının müəyyənləşdirilməsi də məqsədəuyğun olardı.
Statistik rəqəmlərə görə, ailə münaqişələri nəticəsində xüsusilə son vaxtlar boşanmaların sayının xeyli artması da ciddi narahatlıq doğurmaya bilməz. Bəlkə də ailə dəyərlərinin təbliği və təşviqi ilə bağlı sistemli maarifləndirmə işləri elə məktəbdən başlanmalıdır?!
Vaxtilə məktəblərimizdə “Ailə həyatının etika və psixologiyası” fənni, bəzi qeyri-dövlət məktəblərində “Mənəviyyat” adlı fənn tədris olunurdu. Düşünürük ki, müasir standartlar əsasında bu fənlərin məzmununun hazırlanması və onların müstəqil fənn kimi tədrisi ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkili məqsədəmüvafiq hesab edilə bilər.
Bunlarla yanaşı, fikrimizcə, mövcud vəziyyəti nəzərə alaraq, ailə məcəlləsində nikah məsələləri ilə əlaqədar bəzi prosedur qaydaların sərtləşdirilməsinə ehtiyac duyulur.
Bu mənada nələri təklif etmək olar: ən azı ümumi orta təhsili olmayan, bu və ya digər təhsil forması üzrə hər hansı bir peşəyə, sənətə yiyələnməyən, fiziki inkişafı qənaətbəxş olmayan və yaşı 20-dən az olan qızların ərə verilməsinə; ən azı tam orta təhsil almamış, hərbi xidmət keçməmiş (qanuni azad olanlar istisnadır), peşə, sənət qazanmayan, müəyyən bir sənətə yiyələnmək üçün cəhd göstərməyən, habelə davamlı adi bir iş yeri olmayan, mənzil-məişət şəraiti qeyri-qənaətbəxş olan, ailənin minimum səviyyədə belə maddi ehtiyacını ödəmək iqtidarında olmayan oğlanların evlənməsinə müvafiq qanunvericiliklə məhdudiyyət tətbiq edilsin.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsində olmaqla cəmiyyətin əsas özəyi hesab edildiyindən nikaha daxil olan şəxslərin icma, cəmiyyət, dövlət qarşısında məsuliyyət və öhdəliklərini dərindən dərk etmələri üçün müqəddəs “Quran”a əl basaraq aşağıdakı məzmunda sədaqət andı içmələri də mənəvi-psixoloji baxımdan müstəsna dərəcədə əhəmiyyətli olardı:
“Ailə həyatının qurulması münasibəti ilə nikaha daxil olarkən bizim üçün əlamətdar sayılan bu xoşməramlı mərasimdə müqəddəs “Quran”a əl basaraq xalqımızın milli-mənəvi ənənələrindən qaynaqlanan ailə dəyərlərinə daim sadiq qalacağımıza, onları qoruyacağımıza, həyatın bütün məqamlarında bir-birimizə etibarlı dayaq olacağımıza, sağlam mənəvi-psixoloji şəraitdə cəmiyyətimiz, dövlətimiz üçün ləyaqətli övladlar tərbiyə edəcəyimizə and içirik”.