Azərbaycanın elmi jurnalları nə vaxt real qiymətləndiriləcək?
Azərbaycanın elmi jurnalları nə vaxt real qiymətləndiriləcək?
Sözüm ictimai və humanitar sahələrdə fəaliyyət göstərən elmi jurnallaradır. Sizi deyib gəlmişəm.
Son illərdə Azərbaycanda elmin inkişafı, tədqiqatçıların beynəlxalq nəşr fəallığı və elmi nəticələrin görünürlüğü barədə daha çox danışılır. Bu diqqət zəruridir. Hər il milli elmi jurnallarımızda yüzlərlə, bəlkə də minlərlə məqalə dərc olunur. Ancaq nəşr olunan məqalələrin sayı təkbaşına elmi uğuru göstərmir.
Bu məqalələri kimlər oxuyur? Onlardan başqa tədqiqatlarda istifadə edilirmi? Jurnallarımıza və məqalələrimizə istinad olunurmu?
Eyni zamanda soruşmalıyıq: Azərbaycanda fəaliyyət göstərən elmi jurnallar hansı meyarlarla qiymətləndirilir? Jurnalın uzun illər nəşr olunması, 40, 70, yaxud 100-dən çox say buraxması özlüyündə onun elmi təsirini sübut etmir. Əsas məsələ həmin saylarda dərc edilmiş araşdırmaların elmi müzakirəyə nə dərəcədə daxil olmasıdır.
Buna görə də jurnallar öz fəaliyyətləri haqqında yoxlanıla bilən məlumatları açıq təqdim etməlidirlər: nəşr etdikləri məqalələrin sayı, rəyçilik prosesi, redaksiya heyətinin fəaliyyəti, məqalələrə verilən istinadlar və beynəlxalq bazalardakı həqiqi əhatə dairəsi oxucu üçün aydın olmalıdır. Google Scholar, OpenAlex və digər mənbələrdə görünən göstəricilərə keçid vermək bu müzakirəyə kömək edə bilər. Lakin hər bir göstəricinin mənbəyi və nəyi ölçdüyü də göstərilməlidir.
Bu günlərdə 46-cı sayını nəşr edən AMEA Fəlsəfə İnstitutunun saytına baxdım. Saytda Scopus və Web of Knowledge loqolarının yerləşdirilməsi diqqətimi çəkdi. Bu loqolar konkret olaraq hansı jurnalın həmin bazalarda indeksləndiyini göstərir? Əgər belədirsə, jurnalın bazalardakı rəsmi qeydinə və əhatə illərinə keçid niyə açıq təqdim olunmur? Oxucu loqonun nəyi təsdiqlədiyini yoxlaya bilməlidir.
Məsələ yalnız loqolarla bitmir. Minlərlə məqalə dərc etmiş jurnalın elmi təsiri zəifdirsə, bunu “uzun illərdir fəaliyyət göstəririk” arqumenti ilə izah etmək kifayət deyil. Redaksiya məqalələrin oxunması və istinad olunması barədə yoxlanıla bilən məlumatları təqdim etməli, nəticələrini təhlil etməli və keyfiyyəti artırmaq üçün hansı addımları atdığını ictimaiyyətə göstərməlidir.
Eyni zamanda, istinad sayının azlığı təkbaşına jurnalın keyfiyyətsiz olduğunu sübut etmir: humanitar sahələrdə istinad dövrü uzun ola, Azərbaycan dilində aparılan yerli əhəmiyyətli tədqiqatlar beynəlxalq bazalarda zəif görünə bilər. Məhz buna görə dürüst ölçmə və məzmunun ekspert qiymətləndirilməsi birlikdə aparılmalıdır. Məqalələrə istinad olunub-olunmadığı, hansı mənbədə göründüyü və məlumatın hansı dövrü əhatə etdiyi açıq göstərilməlidir.
Əsas sual budur: jurnal nəşr olunan məqaləni həqiqətən elmi baxımdan dəyərləndirirmi?
Müəllifə rəy göndərilirmi? Düzəliş tələb edilirmi? Məqalənin yeniliyi, metodu, mənbələri və nəticələri yoxlanılırmı? Yoxsa nəşr prosesi ödəniş və formal qəbul məktubu ilə məhdudlaşır?
Elmi nəşrə görə ödəniş alınması özlüyündə bütün jurnalları eyni kateqoriyaya salmır. Problem ödənişin şəffaf göstərilməməsi və redaksiya qərarına təsir etməsidir. Açıq çıxışlı jurnal varsa, müəllifdən alınan haqqı, lisenziyanı, məqalənin oxucu üçün əlçatanlığını və güzəşt şərtlərini əvvəlcədən dərc etməlidir. Abunə və ya ödənişli oxu modeli seçən jurnal da bunu aydın izah etməlidir. Hər iki halda məqalənin qəbulu elmi rəyə əsaslanmalı, ödəniş qəbul zəmanətinə çevrilməməlidir. Beynəlxalq şəffaflıq prinsipləri də rəyçilik qaydalarının və müəllifdən alınan bütün haqların jurnal saytında açıq göstərilməsini tələb edir.
Başqa ciddi məsələ redaksiya heyətlərinin fəaliyyətidir. Jurnal saytında tanınmış alimlərin adlarının yazılması kifayət deyil. Həmin şəxslər jurnalda hansı vəzifəni yerinə yetirirlər? Məqalələrin qiymətləndirilməsində iştirak edirlərmi? Öz adlarının heyətdə göstərilməsinə razılıq veriblərmi? Redaksiya heyəti jurnalın sahəsinə uyğun elmi mütəxəssislərdən ibarətdirmi? Formal siyahı elmi redaksiya demək deyil.
Əslində, bu istiqamətdə tələbləri yenidən qurmaq üçün baza artıq mövcuddur. Ali Attestasiya Komissiyası dissertasiya nəticələrinin dərcinə tövsiyə edilən dövri nəşrlər üçün meyarların yeniləndiyini, 31 konkret tələb müəyyənləşdirildiyini açıqlayıb. Bu tələblər sırasında elektron platforma, DOI, beynəlxalq redaksiya heyəti, plagiat yoxlanışı və məqalələrin elmi redaktəsi kimi məsələlər göstərilir. İndi əsas məsələ həmin tələblərin kağız üzərində deyil, hər jurnalın gündəlik fəaliyyətində nə dərəcədə yerinə yetirildiyini yoxlamaqdır.
Buna görə elmi jurnalların dövri və açıq qiymətləndirilməsi mexanizmi yaradılmalıdır. Jurnalın saytının olması, ISSN alması və müntəzəm say buraxması ilkin şərtlər sayıla bilər. Qiymətləndirmənin mərkəzində isə bunlar dayanmalıdır: dərc edilmiş məqalələrin elmi keyfiyyəti; rəyçilik prosesinin sənədləşdirilməsi; redaksiya heyətinin real fəaliyyəti; nəşr etikasına əməl olunması; məqalə metadatasının düzgünlüyü; müəllif və oxucu üçün açıq qaydalar; istinadların mənbələr üzrə yoxlanıla bilən təqdimatı.
Hər jurnal ildə ən azı bir dəfə fəaliyyət hesabatı dərc edə bilər: neçə məqalə daxil olub, neçəsi ilkin mərhələdə qaytarılıb, neçəsi rəydən sonra rədd edilib, orta qiymətləndirmə müddəti nə qədər olub, hansı düzəliş və geriçəkmə qərarları verilib? İstinad göstəriciləri ayrıca göstərilməli, onların Google Scholar, Crossref, OpenAlex, Scopus və ya Web of Science-dan hansına əsaslandığı, yoxlama tarixi və əhatə dairəsi yazılmalıdır. Bu mənbələrin rəqəmləri eyni deyil; məsələn, Crossref öz istinad sayının bütün elmi istinadları əhatə etmədiyini bildirir.
Bunu kim yoxlamalıdır? İlk məsuliyyət jurnalın nəşriyyatına və baş redaktoruna aiddir. Universitet və elmi müəssisələr tabeliklərindəki jurnallardan ölçülə bilən fəaliyyət hesabatı tələb etməlidirlər. Attestasiya məqsədilə tövsiyə edilən nəşrlər isə müvafiq səlahiyyətli qurum tərəfindən mütəmadi, eyni və əvvəlcədən elan edilmiş meyarlarla qiymətləndirilməlidir. Müstəqil sahə ekspertlərinin iştirakı və nəticələrin ictimaiyyətə açıqlanması bu yoxlamaya etimadı artırar.
Sual verməyin vaxtıdır: illərlə nəşr olunan jurnal öz fəaliyyətində nəyi dəyişib? Müəllifləri daha yaxşı tədqiqat aparmağa yönəldibmi? Beynəlxalq elmi dialoqa qoşulubmu? Redaksiya heyəti həqiqətən işləyirmi? Məqalələrə verilən istinadları dürüst və yoxlanıla bilən şəkildə göstərirmi?
Azərbaycan elminə çox sayda formal jurnal lazım deyil. Ona müəllifə ciddi elmi rəy verən, oxucuda etimad yaradan, fəaliyyətini açıq göstərən və öz keyfiyyətini davamlı yaxşılaşdıran jurnallar lazımdır. Jurnalın neçə sayının çıxması tarixini göstərir; elmi dəyərini isə nəşr etdiyi tədqiqatların keyfiyyəti və həmin keyfiyyətə görə daşıdığı məsuliyyət müəyyən edir.
Dr. Rahil Nəcəfov